Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

23 noyabr 2018 | 16:00

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

   Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, noyabrın 23-də Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

  Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova bildirib ki, ən ali mənəvi və müqəddəs dəyərləri özündə təcəssüm etdirən vətənpərvərlik hissinin gənc nəslə aşılanması qarşıda duran əsas vəzifələrdən biridir. Xaçmaz rayonunda bu sahədə bir çox nailiyyətlər əldə edilib. İlhamə Nəzərova qeyd edib ki,  “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirin Xaçmazda ikinci dəfə keçirilməsi rayonda vətənpərvərliyin təbliği işinə verilən önəmin göstəricisidir.

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Niyaz Məmmədov sabahın əsgəri olacaq gənclərin hərbi xidmətə hazırlanması, onlarda hərbi sahəyə marağın artırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib.

  Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev deyib ki, ölkəmizin zəngin hərb tarixi irsinin gənc nəslə çatdırılması, onların milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunması cəmiyyətin inkişafına xidmət edir.

  Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Xaçmaz rayon məktəblərinin bədii özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.

 

Keçidlər