Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazın Qadaşoba kəndinin yolu əsaslı şəkildə yenidən qurulub

28 dekabr 2018 | 16:00

  Əsaslı şəkildə yenidən qurulan Xaçmazın Qadaşoba kəndinin yeni  yolu  istifadəyə verilib.

  Rayonun  Qadaşoba kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 min 500-ə yaxın əhalinin Gəndob-Yalama avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

  Yolun açılış mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.

  Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev çıxış edərək bildirib ki, cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, kəndlərarası və qəsəbələrarası avtomobil yolları yenidən qurularaq vətəndaşların rahat gediş-gəlişi təmin edilir. Qadaşoba yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.

  Şəmsəddin Xanbabayev qeyd edib ki, aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 21 yerdə suötürücü boru qoyulub.

  Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin Başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər