Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başladı

17 dekabr 2019 | 16:00
   Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, bir çox rayonlarda yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb. 17.12.2019-cu il tarixində Xaçmaz rayonunda adı qeyd olunan Mərkəzin açılışı həyata keçirilib. 
   Fəaliyyətə başlayan nümayəndəliyin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.
   Mərkəzdə  gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və  dərslər, təhsil və təcrübə proqramları, görüşlər,  seminarlar, intellektual oyunlar  təşkil olunacaqdır.
   Nümayəndəlik vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.
   Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlhamə Nəzərova,  Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və digər çıxışçılar  dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışıblar.
   Qeyd olunub ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam etdirilir.
   Daha sonra tədbir iştirakçılarına   Mərkəzin imkanları barədə  məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.
 
 
 
 
 
 
 
Keçidlər