Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub.

26 fevral 2020 | 16:00

26 fevral 2020-ci il tarixində rayonun Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkillatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə rayonun istedadlı rəssamlarının Xocalı faciəsinin 28-ci ildönümünə həsr etdikləri rəsm sərgisinə baxış keçiriblər. Daha sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diqqətə çatdırılıb ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı, ən dəhşətli səhifəsidir. Bu faciə xalqımızın tarixində qanlı səhifələrdən biri olsa da, birincisi deyil. Xalqımız tarixən, müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, öz əzəli dədə-baba torpaqlarında incidilib, dərgin salınıb və yüz minlərlə dinc soydaşımız amansız üsullarla qətlə yetirilib. Bildirilib ki, erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isəvalideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-ı uşaq idi. Faciəzamanı 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. Qeyd edilmişdir ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra soyqırıma ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Bu gün isə Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Heydər Əliyev Fondu böyük işlər həyata keçirir. Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət” kampaniyasının böyük əhəmiyyəti vardır.Tədbirin sonunda faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı harayı” tamaşası nümayiş olunmuşdur. 

Keçidlər