Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ABŞ-ın vasitəçiliyini tam dəstəkləyir

29 oktyabr 2020 | 16:00

      Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiyaAzərbaycan tərəfindən dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.

       Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Beynəlxalq terrorçuluqla mübarizədə bir yerdədir, Əfqanıstanda bir yerdədir, hərbi qulluqçuları Əfqanıstanda saxlayır və bununla sülhməramlı əməliyyatlara öz töhfəsini verir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlayıb. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Amerika super gücdür. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Bu gün ikitərəfli əməkdaşlıq bəlkə də, ən yüksək səviyyədədir. Bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir.

 

Keçidlər