Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı fəal gənclərlə görüşüb

02 fevral 2021 | 16:00

02.02.2021-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Gənclər günü" münasibətilə ölkədə elan edilmiş karantin rejiminin tələblərinə uyğun qaydada tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının Gənclər Birliyinin üzvləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, həmçinin rayonun bir sıra gənc fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, pandemiya ilə mübarizədə göstərdikləri fəallıqdan söz açıb.

Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olunublar. Gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər. İcra başçısı bildirib ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Rayon rəhbəri öz çıxışında bildirib ki, bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Həmçinin Elnur Rzayev Vətən müharibəsində iştirak edən bir neçə qazi ilə görüşüb, onların simasında bütün qazilərin və müharibə iştirakçılarını 2 Fevral "Gənclər günü" münasibətilə təbrik edib .

Daha sonra tədbirdə 2020-ci ildə xüsusi fəallıqları ilə seçilən, yüksək nəticələr qazanmış gənclər Fəxri Fərmanlar və hədiyyələr ilə təltif edilblər.

Keçidlər