Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir

03 fevral 2021 | 16:00

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.

Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.

Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.

 

Keçidlər