Şriftin ölçüsü :

Saytın rəngi :

Elektrik avadanlığının quraşdırma qaydalarına riayət etməklə yanğın təhlükəsizliyini təmin edək

04 sentyabr 2021 | 16:00

Baş vermiş yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verir. Artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və s.  yanğın təhlükəsizliyinə zidd hallar  kimi yanğınların baş verməsinə şərait yaradır. Elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir.

Birinci növbədə bütün   elektrik qurğularının quraşdırılması və onun istehlakçılar tərəfindən istismarı  müvafiq qayda və  normativ sənədlərə, təlimatlara uyğun həyata keçirilməlidir.

Elektrik mühərrikləri, idarəetmə aparatları, nəzarət - ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidir.

İşin sonunda təyinatından asılı olmayaraq nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.

Elektrik ötürücü xətlərinin və xarici (çöl) elektrik naqillərinin yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar)  üzərindən çəkilməsi yanğın təhlükəsi yaratdığı üçün yolverilməzdir.

Elektrik qurğularının istismarı zamanı elektrik aparatlarından və cihazlarından onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlıq olduqda istifadə etmək, eləcə də  izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqil və kabellərdən, həmçinin nasaz elektrik qurğularından istifadə etmək, elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək,  eyni zamanda ondan mühafizə qapağı - örtük (plafon) çıxarıldıqda istifadə etmək qadağan olunur. Unutmaq olmaz ki, nəzarətsiz və işlək vəziyyətdə olan hər bir elektrik cihazı, hətta elektrik lampası da yanğına səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki, "Nəzarətsiz istismar edilə bilər" xüsusi işarəsi olan elektrik cihazlarının (soyuducular, şəxsi elektron-hesablayıcı maşınlar, faks və modemlər) sayı çox azdır.

Dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlardan istifadə etmək də yanğın təhlükəsi yaratdığından yolverilməzdir.

Standartlara uyğun olmayan (qeyri-standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısaqapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə  olunması, magistral kabel xətlərinin və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkilməsi, elektrik qızdırıcı cihazlarının, televizorların, radioqəbuledicilərin və s. qurğuların şəbəkəyə qoşulu halda nəzarətsiz qoyulması qadağandır.

Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarəetmə kabellərinin topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.

Gündəlik həyatımızda istifadə olunan elektrik lampaları da yanğınların mənbəyi ola bilər. Belə ki, yanan tərkibli materiallara elektrik lampasının istilik şüasının təsiri,  lampanın qızmış kolbası ilə yanar materiallarla bilavasitə təmasda olması, elektrik lampasının partlaması nəticəsində   qızmış hissələrin yanar tərkibli materialların üzərinə düşməsi və s. yanğınlara səbəb ola bilər. Təcrübələr göstərir ki, pambıq və ondan hazırlanan məmulatlar  elektrik lampasından 30 mm məsafədə olduqda yanğın baş verir.

İnsanların normal şəraitdə və təhlükəsiz köçürülməsini həyata keçirmək məqsədi ilə "Çıxış" sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır. Tamaşa nümayişi zamanı, sərgi və digər tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı vəziyyətdə  saxlanmalıdır.

Daşınan elektrik işıqlandırıcıları elastiki elektrik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdır. Onların gərginliyi 36 V-dan artıq olmamalıdır.

Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə edilməlidir. Projektorları və sofitləri quraşdıran zaman onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m, linzalı projektorlar üçün isə   2 m olmalıdır. Projektorlar və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan  quraşdırılmalıdır.  

Yeni il şənlikləri zamanı şam ağacı - yolka qurularkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl  edilməlidir.   Yolkanı işıqlandırarkən yalnız elektrik cərəyanından və zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunmalıdır. Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır. Yolkada quraşdırılmış elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırma zamanı nasazlıq aşkar edildikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

Yolka işıqlandırılarkən istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik lövhəsinə və yaxud rozetkaya qoşulmalıdır. Elektrik naqillərini bir-biri ilə birləşdirdikdə mütləq lehimləmə, presləmə qaynaq etmək üsulundan istifadə edilməlidir. Naqilləri bir-birinə başqa vasitələrlə birləşdirmək qəti qadağandır.

Bütün bunlarla yanaşı şam ağacını - yolkanı işıqlandırarkən elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır.

Hər bir evdə istifadə olunan televizorun da istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır. Yanğın təhlükəsizliyi qaydaları pozulduqda televizor   mənzilinizdə yanğına, bununla bağlı digər fəsadlara birbaşa səbəb ola bilər. Söz yox ki, bu elektrik məişət çihazıyla diqqətli və çox ehtiyatla rəftar etmək lazımdır. Televizor elektrik xəttinə qoşulduqda isə ona qarşı nəzarət yaddan çıxarılmamalıdır. Televizor elektrik xəttinə qoşularkən qeyri-standart qoruyuculardan istifadə edilməsi,  televizorun uzun müddət fasiləsiz və nəzarətsiz işləməsi,   onun arxa qapağındakı dəliklərə müxtəlif əşyaların düşməsi,  istilik batareyaları yanında və ya mebel içərisində quraşdırılması nəticəsində qızması,  televizor aparatının stabilizator istifadə edilmədən yüksək gərginlikli xətdən qidalanması  yanğın törədən səbəblərdəndir.

Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına da icazə verilmir. Nasaz elektrik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.

Elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğınların əsasən qısaqapanmalardan baş  verməsini xüsusilə vurğulamaq lazımdır.

Qısaqapanmalar izolyasiyası olmayan və ya  zədələnmiş halda olan iki müxtəlif yüklü elektrik naqilinin biri-biri ilə birləşdiyi zaman baş verir. Mahiyyət etibarı ilə bu, həddindən artıq yüklənmə və  cərəyan qüvvəsinin kəskin surətdə artması ilə müşayiət olunur. Qısaqapanmalar zamanı naqillər bir anda o dərəcədə qızır ki, metal   əriyir,   qığılcım və istilik əmələ gəlir. Əgər qısaqapanma yerində yanacaq materialları və ya yana bilən konstruksiyalar olsa, onlar dərhal alışırlar. Elə buna görə də naqillərin  izolyasiyasının sazlığına daima nəzarət edilməlidir. Bununla yanaşı elektrik şəbəkəsinə enerji işlədən müxtəlif cihazları qoşmaqla artıq yükləmək olmaz. Elektrik şəbəkəsində həddən artıq yüklənmə olduqda naqillərdə ayrılan istiliyin miqdarı artır. Ayrılan istiliyin əksəriyyəti ətrafdakı havaya yayıla bilmədiyi üçün o naqillərin izolyasiyasını qızdıraraq alışdırır. Bu isə yanğınlara səbəb olur.

Qısaqapanma və digər elektrotexniki qəza hallarının qarşısını almaq üçün ən vacib tələblərdən biri də elektrik şəbəkəsinin avtomat qoruyucu mühafizə qurğuları ilə təmin edilməsidir. Belə ki, avtomat qurğular istənilən elektrotexniki qəza halı baş verdikdə cərəyan şiddətini mühafizə edilən sahədən ayırmalı və nəticədə yanğın hadisəsinin qarşısı alınmalıdır.

Məlumdur ki, naqil və kabellərin izolyasiya örtüyü elektrik cərəyanı keçirməyən üzvi tərkibli maddələrdən ibarətdir. Bu üzvi tərkib xarici mühitin   təsirindən  bir sıra kimyəvi dəyişikliyə uğrayır. Belə ki, günəş şüalarının təsiri, yüksək faizli rütubət, mexaniki təsirlər və s. naqil və kabellərin izolyasiya örtüyünü zədələyir. Bu zaman izolyasiya materialı öz keyfiyyətini itirir, kabel və naqilin üzərində çatlar əmələ gələrək qısaqapanmaya və artıq yüklənməyə səbəb olur ki, bu da  yanğın hadisələri üçün şərait yaradır. Odur ki, elektrik kabel və naqillərinin izolyasiya müqaviməti mütəmadi olaraq müvafiq cihazlarla yoxlanılmalı və bu cür halların qarşısı alınmalıdır.

Sayğaclarda tez əriyən elektrik qoruyucuları əvəzinə məftil topası, mismar və başqa metal əşyalar işlətmək, elektrik naqillərini mismardan və başqa metal  əşyalardan asmaq qadağandır. Elektrik naqillərinin üzərinə divar kağızı yapışdırmaq da yanğın təhlükəlidir. Elektrik naqillərinin telefon və radio naqillərinə, radio və televiziya antenalarına, dam örtüklərinə toxunmasına yol vermək olmaz. Telefon və radio naqillərindən cərəyankeçirici kimi istifadə etmək qadağandır.

Naqillər bir-biri ilə birləşdiyi yerdə və eləcə də onların cərəyan qəbuledicilərə birləşdirildiyi yerlərdə kontaktlar zəif olduqda, başqa sözlə, kip olmadıqda  həddindən artıq qızma əmələ gəlir.

Rozetkaya keçirilən yerdə çəngəllərin kip olmamasından da rozetka bərk qızışır, bundan da taxta rozetkaaltının, yana bilən arakəsmə və divarın öz-özünə yanması baş verir.

Elektrik cihazlarının istismarı da yanğın təhlükəsizliyi  qaydalarına ciddi əməl olunmasını tələb edir. Qızdırıcı elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlərin görülməsi zəruridir. Birinci növbədə qızdırıcı cihazlar yalnız kifayət qədər qalınlıqda olan və yanmayan altlıq üzərinə qoyulmalıdır. Otaqdan və evdən gedərkən  qızdırıcı elektrik cihazları elektrik xəttindən ayrılmalıdır. Elektrik cihazlarındakı yanmış qoruyucuları yüksək davamlığı olan əldəqayırma qoruyucularla əvəz etmək olmaz.

Yadda saxlamaq lazımdır ki, suqızdırıcı cihazlar da  nəzarətsiz qaldıqda yanğın törədə bilər. Cərəyana qoşulmuş elektrik çaynikinə və samovarına uzun müddət nəzarət yoxdursa su qaynayıb buxar olduqdan - quruduqdan sonra çaynikin və ya samovarın dibində hərarət 300-500 dərəcəyə çatır, bu isə yanğın baş verməsi üçün kifayətdir.

Elektrik avadanlığının quraşdırma qaydalarına riayət etməklə yanğın təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın borcudur.

 

Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Keçidlər