İnfrastruktur
İnfrastruktur
2019-cu il ərzində Xaçmaz rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar görülən işlərXaçmaz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir ki, bu sahənin inkişafı rayon üzrə iqtisadi və sosial göstəricilərin artım dinamikasına öz təsirini göstərir. Ötən ildə bütün təsərrüfat qurumları daxil olmaqla 25009,4 ha sahədə taxıl əkilmişdir ki, bunun da 19223,4 hektarı buğda və 5786 hektarı arpa məhsuludur. Taxıl sahələrindən orta məhsuldarlıq 33,7 sentner olmaqla cəmi 84273,1 ton taxıl istehsal olunmuşdur ki, onun 66887 tonu buğda, 17386 tonu arpa məhsuludur. Buğdanın məhsuldarlığı hər hektardan 34,8 sentner, arpanın isə 30 sentner olmuşdur. Əvvəlki ilə nisbətən buğda məhsulu 6,8 faiz və yaxud 4277,1 ton çox, hektardan məhsuldarlıq isə 0,2 sentner az, arpanın məhsulu 1242,4 ton və ya 7,7 faiz, hektardan məhsuldarlıq isə 2,6 sentner çox olmuşdur. İl ərzində 22722,4 ha meyvə bağından 105483,8 ton müxtəlif meyvə məhsulu və 282,6 hektar sahədən 3764 ton üzüm istehsal edilmişdir. Rayon üzrə mövcud əkin sahələrindən məhsul yığımı 3589,5 hektardan 96978,1 ton tərəvəz, 669 hektardan 7847,5 ton kartof, 43 hektardan 494,5 ton bostan məhsulu əldə edilmişdir. 2019-cu ildə ümumi əkin sahəsində dənli və dənli paxlalı bitkilərin əkininin xüsusi çəkisi 73,4 faiz, yem bitkilərinin 13,8 faiz, tərəvəzin 10,4 faiz, kartofun 1,9 faiz, texniki bitkilər 0,37 faiz, bostan bitkilərin isə 0,11 faiz təşkil etmişdir. 2019-cu ildə 2018-ci illə müqayisədə istehsal edilmiş dənli və dənli paxlalı bitkilərin istehsalı (qarğıdalı daxil etməklə) 7,0 faiz, tərəvəz istehsalı 5,3 faiz, kartof istehsalı 0,4 faiz, bostan məhsulunun istehsalı 5,4 faiz, meyvə və giləmeyvə istehsalı 3,0 faiz, üzüm istehsalı 1,5 faiz çox olmuşdur. 2019-cu ildə ümumi əkin sahəsi ötən ilə nisbətən 1229,5 hektar və yaxud 3,7 faiz artmışdır. 2020-ci il yanvarın 1-i vəziyyətinə rayondа 55393 baş iribuynuzlu mal-qarа, о cümlədən 25735 bаş inək və camış, 56192 baş xırdabuynuzlu mal-qara, 477 baş donuz mövcud olmuşdur. Ötən dövr ilə müqayisədə iri buynuzlu mal-qara 1,5 faiz, inək və camışlar 2,9 faiz, qoyun və keçilər 9,6 faiz azalmış, donuzların baş sayı isə 4,6 faiz artmışdır. Hesabat ilində diri çəkidə 16007,9 ton ət, 69034,6 ton süd, 22664,0 min ədəd yumurtа və 127,0 ton yun istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 4,9 faiz çox ət, 8,2 faiz çox süd, 2,1 faiz çox yumurtа və 15,0 faiz az yun istehsal olunmuşdur. Bakı və Sumqayıt şəhərlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına il ərzində 1497,8 ton meyvə və tərəvəz məhsulu çıxarılmışdır. «Aqrolizinq» ASC Xaçmaz nümayəndəliyi tərəfindən ötən il 5502 nəfər torpaq mülkiyyətçisinə 5446,5 ton mineral gübrə və 67 təsərrüfat subyektinə 8548 litr müxtəlif növ pestisidlər güzəştli şərtlərlə satılmışdır.
Aqrar sahədə vacib məsələlərdən biri təsərrüfatların suvarma suyu ilə təchizatıdır. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq işlər davam etdirilmişdir. 1432 km suvarma kanalları, 1103 min m3 çay məcrası, 159 km kollektor drenaj şəbəkəsi təmizlənmiş, 2950 metr əsas təsərrüfatlararası kanallar beton üzlüklə örtülmüş və suvarma məqsədi ilə mənbələrdən 209 milyon 507 m3 su götürülərək Sudan İstifadəedənlər Birliklərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamı ilə rayonun Xudat şəhəri, Dədəli, Maqsudkənd, Mürşüdoba, Manafoba kəndləri, Dalğalı və Yeni Həyat qəsəbələrində subartezian quyuları qazılmışdır.
Respublikada ərzaq bolluğunun yaradılması, ölkənin ərzaq idxalının azaldılması üçün ölkə rəhbərliyi tərəfindən çox mühüm tədbirlər həyata keçirilir. Yerli istehsalın artırılması üçün dövlətimiz tərəfindən kifayət qədər əhəmiyyətli güzəştlər tətbiq edilir. Buna cavab olaraq, biz də, böyük aqrar imkanlara malik bir rayon kimi ərzaq bolluğu yaradılması istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Ölkə rəhbərliyinin bu istiqamətdə imzaladığı mühüm əhəmiyyətli qərar və sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bizim gələcək dövr üçün başlıca vəzifəmiz olmalıdır.
Möhtərəm Prezidentimizin göstərişinə əsasən rayonun bütün kəndlərinin qazlaşdırılması həlli vacib məsələlərdən biridir. Rayonun Hacıəlibəy kəndində 340, Digahoba kəndində 63, Aşağı Ləgər kəndində 98, Seyidlər kəndində 86 yaşayış evinə təbii qazın verilməsi təmin edilmişdir. Bundan əlavə, xidməti ərazidə 1314 yeni yaşayış evi qazlaşdırılaraq, məişət qaz sayğacları ilə təmin olunmuşdur. Hazırda rayonun 151 yaşayış məntəqəsindən 117-nə təbii qaz verilməklə, abonent sayı 38206-ya çatmışdır. 2019-cu il ərzində Qaz Paylayıcı Stansiyadan ümumilikdə 82 milyon 477 min 187 m3 qaz alınmış, bundan 59 milyon 731 min 351 m3 qaz əhali istehlakçılarının, 14 milyon 559 min 394 m3 isə qeyri-əhali istehlakçılarının payına düşür. Əhali istehlakçıları tərəfindən sərf olunan qaza görə ödəniş 7 milyon 044 min 355 manat olmuşdur ki, bu da ümumi yığımın 104 % təşkil edir və ötən dövr ilə müqaisədə 12,8 % artım deməkdir. Qeyri-əhali istehlakçıları tərəfindən sərf olunan qaza görə ödəniş 2 milyon 809 min 845 manat olmuşdur.
Rayon Telekommunikasiya Qovşağı tərəfindən 8790 m uzunluğunda fiber optik kabel çəkilmiş, 2449 abunəçiyə yüksək sürətli geniş zolaqlı internet çəkilməklə abunəçilərin sayı 12070 nəfərə çatdırılmışdır. Mollaburhan kəndində tutumu 128 nömrəlik və Çılğır kəndində 96 nömrəlik ЕАТС-lər quraşdırılaraq kənd əhalisinin istifadəsinə verilmişdir.
On iki min nəfər əhalinin yaşadığı, 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu təmir edilmiş və hal-hazırda tikinti işləri yekunlaşmaq üzrədir. Sözügedən avtomobil yolu bir 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bu yol 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələri, həmçinin 7 kəndin: Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarından ibarətdir. Giriş yollarının ümumi uzunluğu 7,7 kilometrdir. Bundan başqa, yolboyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilmişdir. Yolun istifadəyə verilməsi ilə 12 yaşayış məntəqəsində yaşayan 12 minə yaxın əhalinin rayon mərkəzi ilə əlaqəsi xeyli asanlaşaraq, yük və sərnişin daşınmanı sürətləndirəcəkdir. Xudat-Nabran avtomobil yolunun 25 km hissəsinin yeni asfralt örtüyü ilə üzlənməsi işi də ötən il görülmüş işlər sırasındadır. Həyata keçiriləcək mühüm nəqliyyat layihələrindən biri də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında xüsusi Sərəncamdır. Layihəyə əsasən ölkəmizdə turizmin inkişaf etdirilməsi və yeni turizm marşrutunun yaradılması məqsədilə yaxın zamanlarda rayonumuzda əsaslı işlərə başlanacaqdır.
Ötən il rayonun Bakı prospektində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı üçün yeni inzibati binanın tikinti işlərinə başlanılmış, hal-hazırda işlər davam etdirilməkdədir.
Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq rayonumuzda qeydiyyata alınmış vətəndaşlardan 254 nəfəri işaxtaran kimi özünüməşğulluq proqramına cəlb edilmiş, onlardan 250 nəfəri qiymətləndirmədən uğurla keçmiş və 191 nəfəri isə aktivlərlə təmin edilmişdir.
Hər il olduğu kimi 2019-cu ildə də əhalinin növbəti dispanzerizasiya proqramı mütəşəkkil qaydada həyata keçirilmişdir. 18 yaşdan yuxarı 134041 nəfər rayon əhalisinin 111915 nəfəri tibbi müayinəyə cəlb olunmuş, bunlardan 5395 nəfəri ambulator, 507 nəfəri stasionar müalicəyə cəlb edilərək, 273 nəfəri müayinə və ya müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Məlum olduğu kimi ölkəmizin hazırkı inkişaf mərhələsi tibbi xidmətlər qarşısında yeni vəzifələr qoymuşdur. Bu vəzifələr içərisində əhalinin sağlamlığının qorunması sistemində icbari tibbi sığortanın rolu və yerinin müəyyən edilməsi, yeni şəraitdə bu sahənin hüquqi tənzimlənməsinin, təşkilati-hüquqi əsaslarının və təminat mexanizmlərinin təkmilləşdirilməsi xüsusi yer tutur. Bununla əlaqədar olaraq respublikamızda 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
Xaçmaz Respublikanın ən böyük turizm potensialına malik rayonlarından biridir və hesabat dövründə rayona gələn turistlərin sayında kifayət qədər artım müşahidə edilmişdir. Ən çox turist axınının müşahidə olunduğu ötən müddətdə 149997 nəfər turist rayona səfər etmişdir ki, bunun 18057 nəfəri xarici turistlərin payına düşür.
Bildiyimiz kimi ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağacın əkilməsi təklifi irəli sürülmüşdür. Bu münasibətlə Xaçmaz Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə rayonda 10000-dən artıq həmişəyaşıl müxtəlif ağac növləri əkilib.
Yola saldığımız hesabat dövründə Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 saylı tam orta məktəb şagirdlərin istifadəsinə verilib. Məktəb binası 432 şagird yerlik olmaqla, müxtəlif fənn laboratoriyaları, informatika kabineti, idman və akt zalı, kitabxana, tibb otağı ilə təmin edilmişdir. Məktəbin ərazisində futbol meydançası, müxtəlif idman qurğuları inşa edilmiş və bina müasir istilik sistemi ilə təchiz olunmuşdur.
Diqqətə çatdırmaq istərdik ki, ötən dövr ərzində Xaçmazda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Hesabat dövründə rayonda 5 modul tipli məktəb binasının da açılışı reallaşdırılmışdır.
Bunlar 96 yerlik Alıcqışlaq kənd tam orta məktəbi, 96 yerlik Qaracəlli, 96 yerlik Fərzəlioba, 56 yelik Cığatay kənd ümumi orta məktəbi və 40 yerlik Ərəb kənd ibtidai məktəbləridir. Hal-hazırda da Ağaverdioba, Padar və Qaraçaycek kəndlərində yeni modul məktəblərin quraşdırılması işi davam etdirilir. Yeni quraşdırılacaq modul məktəblərdə ümumilikdə 248 şagirdin təhsil alması nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə əsaslı təmir işləri həyata keçirilir. Xudat şəhər 1 saylı tam orta məktəb üçün nəzərdə tutulmuş yeni binanın tikinti işlərinə də başlanılmışdır. Həmin məktəblərin qısa müddət ərzində təhsil ictimaiyyətinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, ötən hesabat dövründə 40 yerlik Xudat şəhər 5 saylı uşaq bağçası üçün ümumi sahəsi 1600 kv metr olan yeni bina tikilib istifadəyə verilmişdir. Əsaslı təmir işləri Xudat şəhər 4 saylı körpələr evi-uşaq bağçasında da həyata keçirilmişdir.
Ötən hesabat dövründə rayonumuzda şimal bölgəsini əhatə etməklə təhsil alan vətəndaşlar üçün müxtəlif təhsil pillələri üzrə və fərqli qiymətləndirmə meyarları tətbiq olunan imtahanlar keçirilmişdir. Ümumilikdə ötən il ərzində 13999 iştirakçının təhlükəsiz şəraitdə imtahan vermələri üçün tərəfimizdən rayonun müvafiq dövlət qurumları ilə birlikdə koordinativ iş aparılmışdır.
Ənənəvi olaraq keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayonumuza 730 nəfərdən ibarət digər bölgələrin şagird heyəti səfər etmişdir. Rayonumuzu təmsil edən 80 nəfərdən ibarət şagird heyəti isə ölkəmizin müxtəlif istiqamətlərinə yola salınmışdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu son dərəcə şərəfli və məsuliyyətli ildə hər kəsi Vətənimizin inkişafı naminə könüllü xidmətə dəvət edirik. Biz cari ildə daha səmərəli işləməli, planlaşdırdığımız işləri vaxtında və keyfiyyətlə başa çatdırmalıyıq. Bu gün hər bir məmur, hər bir vəzifəli şəxs öz işinə məsuliyyəti daha da artırmalı, nöqsan və çatışmazlıq, əhalini narahat edən problemləri yerindəcə araşdırmalı, həlli istiqamətində əməli addımlar atılmalıdır. Bunu bizdən ölkəmizin sürətli inkişafı, möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti, rayonumuza göstərdiyi yüksək diqqət və qayğısı tələb edir. İnanırıq ki, möhtərəm Prezidentimizin müdrik rəhbərliyi və birgə səylərimizlə, biz bu il qarşımızda qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Ölkəmizin inkişafına öz layiqli töhfələrimizi verəcəyik.