Sentyabrın 29-da Xaçmaz şəhərində “İslam həmrəyliyi: Sülh və əməkdaşlığa çağırış” mövzusunda konfrans keçirilib
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılan abidəsinin qarşısına gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
DQİDK, Qafqaz Müsəlmanları İdarəsi, “Azərbaycan” qəzeti və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda hüquq mühafizə orqanlarının, dini işlər üzrə komissiyanın nümayəndələri, YAP Xaçmaz rayon təşkilatının əməkdaşları, bələdiyyə sədrləri, dini icma üzvləri, məktəb direktorları, ağsaqqallar və fəal gənclər iştirak ediblər.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib. Komitə sədri İslam dininin xalqımızın mənəvi həyatını daha da zənginləşdirdiyini, onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrildiyini vurğulayıb.
Konfransda Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Eldəniz Səlimov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Xaçmaz rayon Rus icmasının sədri Navi Azər mövzu ətrafında çıxış ediblər.