Xaçmazda Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirildi.
21 oktyabr 2017-ci il tarixində rayonda Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirildi. Tədbir rayonun "Şəxsiyyətlər Muzeyi"ndə açıq səma altında sənətkara ucaldılmış büstün qarşısında reallaşdırılıb. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev , Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı , aşıq sənətinin tanınmış ifaçıları və Aşıq Ələsgərin nəticəsi iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova qeyd olunmuş ədəbi tədbirin keçirilmə ünvanı olaraq, Xaçmazın seçilməsi üçün rayon ictimaiyyəti adından Aşıqlar Birliyinə təşəkkür bildirmişdir. Daha sonra çıxış edən Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bildirmişdir ki, Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı hamımız üçün əziz və doğmadır. Bu əzizliyin və doğmalığın səbəbi ondan ibarətdir ki, Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz əksini tapmışdır. Elə bu səbəbdən də onun bizə gəlib çatan zəngin yaradıcılığı özündən sonra gələn istedad sahiblərinin – şairlərin, aşıqların, bəstəkarların, xanəndələrin, müğənnilərin, rəssamların diqqətini çəkmiş, hər kəs öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev çıxışında dövlət tərəfindən mədəniyyətə göstərilən yüksək qayğıdan söz açmışdır. Şəmsəddin Xanbabayev bildirmişdir ki, milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunması və onların YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na salınması işində ölkə Başçıcı İlham Əliyevin və ölkənin Birinvi vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Daha sonra tədbir rayona qonaq gəlmiş tanınmış aşıqların ifasında maraqlı musiqi proqramı ilə davam etdirildi.