Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənpərvərlik hissləri uşaq yaşlarından aşılanmalıdır

07 noyabr 2017 | 16:00

      07.11.2017-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə görüş keçirilib.

     Keçirilən görüşdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova , rayon polis şöbəsinin rəisi Nofəl Məhərrəmov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Əkbər Əkbərov, rayon gənclər və idman idarəsini rəisi Emil Tağıyev, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və gənclər iştirak ediblər. Xaçmazda keçirilən maarifləndirici tədbirdə yeniyetmə və gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

     Heydər Əliyev Mərkəzində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və hüquq mühafizə orqanları rəhbərlərinin, yeniyetmə və gənclərin iştirak ilə keçirilən tədbirdə dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsinin gənclərlə aparılan işin səmərəli təşkilindən bilavasitə asılı olduğu vurğulanıb.

     Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova bildirib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.

     Rayon polis şöbəsinin rəisi Nofəl Məhərrəmov qeyd edib ki, uşaq və yeniyetmələrlə iş ailədən başlanmalı, təhsillə davam etdirilməlidir. Gənc nəsildə vətənpərvərlik hissləri və digər müsbət meyillər uşaq yaşlarından aşılanmalıdır. Vurğulanıb ki, gənclərlə belə mövzularda maarifləndirici tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər daha tez təsir altına düşürlər. Ona görə də gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək lazımdır.

     Tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Əkbər Əkbərov “Narkomaniyaya yox deyək!”, “Erkən nikahların zərərli təsirləri” və “Yetkinlik yaşına çatmamış uşaqların hüquqlarının qorunması, onların törətdiyi cinayətlərin qarşısının alınması və profilaktikası” mövzularında geniş məruzə ilə çıxış edib.

     Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda antinarkotizmi təbliğ edən qısametrajlı film nümayiş olunub.

Keçidlər