Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİDLƏR HEÇ ZAMAN UNUDULMAZ, DAİMA ÜRƏKLƏRDƏ YAŞAYAR

24 noyabr 2017 | 16:00

   Vətən, torpaq, xalq uğrunda öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını zəbt olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızın dövlət tərəfindən təltif olunması, onların adlarının əbədiləşməsi həmişə ürəklərdə qürur hissi oyadır.

   Noyabrın 24-də Xaçmaz şəhər H.Əliyev Mərkəzində Xaçmaz rayon sakini, erməni təcavüzkarlarına qarşı vuruşda qəhrəmancasına şəhid olmuş Fuad Fərhad oğlu Qafarova ölümündən sonra hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli ordenin  valideynlərinə verilməsi münasibətilə tədbir keçirilmişdir.

   Tədbiri giriş sözü ilə polkovnik Abdulla Qurbani açaraq bildirdi ki, Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunu daim təkmilləşdirir, ordumuzun gücü durmadan möhkəmlənir.

   Bunun nəticəsidir ki, Aprel döyüşlərində ordumuz işğalçı erməniləri darmadağın etməyi , zəbt etdikləri torpaqlardan geri çəkilməyə məcbur etdi. Lələ Təpə yüksəkliyində, Cocuq Mərcanlıda üçrəngli Azərbaycan bayrağı dalğalandı. Bu gün Cocuq Mərcanlıda insanların öz yurdlarına qayıtmaları, cari dərs ilində uşaqların öz təzə məktəblərində təhsil almaları ilk qələbəmizin müjdəsidir.

   Bu gün Azərbaycan ordusu Qafqazda ən güclü ordudur – deyən natiq milli ordumuzun gələn il  100 illiyinin qeyd olunacağını açıqladı. Mən bütün xaçmazlılara bildirmək istəyirəm ki, Xaçmazın igid oğlu Fuad Fərhad oğlunun xidməti böyük olmuşdur. Fuad öz qorxmazlığı, igidliyi ilə yoldaşlarından fərqlənmiş, şəhidlik zirvəsinə ucalmışdır. Fuadın valideynlərinə, yaxınlarına minnətdarlığını bildirirəm – deyən Abdulla Qurbani tədbirdə iştirak edən məktəbli gənclərə Faud kimi, Çingiz kimi qorxmaz, igid olmalarını arzulamışdır.

   Sonra Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov çıxış edərək bildirdi ki, şəhidlik böyük, əlçatmaz zirvədir. Hər kəs şəhid ola bilmir. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızla fəxr etməliyik. Bu gün şəhid ailələri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunur – deyərək fikirlərini bildirdi.  

   Daha sonra Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev şəhid Fuad Qafarov üçün təqdim olunacaq ordeni şəhidin  4 yaşlı oğluna  təqdim etdi.

   Rayon rəhbəri ordeni şəhid Fuad Qafarovun oğlu balaca Fəridin döşünə taxdı.

   Balaca Fərid “Azərbaycana xidmət edirəm” – deyə müraciət edəndə tədbir iştirakçıları onu hərarətlə alqışladılar.

   Şəhidin atası Fərhad Qafarov tədbir iştirakçıları qarşısında çıxış edərək oğluna verilən ordenə görə dövlət başçısı İlham Əliyevə öz minnətdarlığını bildirdi və oğlu ilə fəxr etdiyini söylədi.

   Tədbirin sonunda Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev çıxış edib bildirdi ki, bu gözəl binada hər hansı bir tədbiri həyata keçirəndə ulu öndəri bir daha xatırlayır, xoş xatirələrlə yada salırıq. Bu gün Müstəqil Azərbaycan ordusunun yaradılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm prezidentimiz İlham Əliyevin ordumuzun gündən-günə güclənməsi üçün lazımi iş aparmasını xüsusi qeyd etməliyik. Möhtərəm prezidentimizin diqqət və qayğısı nəticəsində Aprel döyüşlərində Azərbaycan ordusunun qələbə çalması, insanların öz el-obalarına qayıdıb çalışmaları hamımızı sevindirir.

   Bu qələbə H.Əliyev siyasətinin qələbəsi deməkdir. Ümummilli liderimizin Naxçıvanda və Bakıda çalışdığı dövrlərdə nizami ordumuzun güclənməsi üçün tədbirlərin həyata keçirilməsinə diqqətin artırılması bu günki ordumuzun yaranmasına səbəb olmuşdur.

   H.Əliyevin Naxçıvanski hərbi liseyinin Bakıda açılması üçün nə qədər əziyyət çəkilməsini yaşlı nəslin nümayəndələri yaxşı bilirlər.

   Bu gün qəhrəman döyüşçülərimizin igidliyi, qorxmazlığı bizdə əminlik yaradır ki, zəbt olunmuş torpaqlarımız vətənpərvər, igid döyüşçülərimiz tərəfindən qaytarılacaq, şəhidlərimizin ruhu şad olacaqdır.

   Bu gün Fuad Qafarovun igidliyi möhtərəm prezidentimiz tərəfindən yüksək qiymətləndirilmiş, o ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli orden” ilə təltif olunmuşdur. Mən də bütün şəhidlərə rəhmət diləyir, Çingiz və Fuadın valideynlərinə başsağlığı verirəm.

 

   Qoy şəhidlərimizin ruhu şad olsun. Təki Vətən sağ olsun!

   Tədbirdən sonra Fuad Qafarovun qəbri ziyarət olundu.

 

Keçidlər