Yeni ilin ilk iş həftəsi rayonda reallaşan əlamətdar hadisə ilə başlandı. Belə ki, 2018-ci ilin ilk həftəsində Xaçmazın Bayoba kəndində yeni məktəb binasının açılışı həyata keçirildi.
Yeni tikilib istifadəyə verilən Bayoba kənd məktəbinin açılış mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova, Xaçmaz rayon Təhsil şöbəsinin məsul əməkdaşları, məktəbin direktoru, müəllim və şagird heyəti iştirak etdilər.Mərasim ilk öncə Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlandı. Keçirilən bayram tədbirində İlhamə Nəzərova çıxış edərək sevincli gün münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni məktəb binasında tədris olunacaq dərslərdə uğurlar arzuladı. Natiq hər ötən ilin Xaçmaz rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticə əldə etmə dinamikasının artdığını vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi. İlhamə Nəzərova bildirildi ki, təhsil sahəsində şahidi olduğumuz nailiyyətlər dövlət Başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasının bəhrəsidir. Daha sonra çıxış edən məktəbin direktoru, şagird və məzunları məktəbin son illərdə əldə etdiyi uğurları barədə tədbir iştirakçılarına məlumat verdilər. Sonra tədbir bədii hissə ilə davam etdi, məktəbin şagirdləri tərəfindən ifa olunan Azərbaycan haqqında kompozisiya iştirakçılar arasında böyük təəssürat yaratdı. Tədbirin sonunda yeni ilin ilk dərsi yeni məktəb binasında başlandı.