Xaçmazda 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Hesabat yığıncağında Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev , millət vəkili Eldəniz Səlimov, rayon ictimayyətininin nümayəndələri, ziyalılar, idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağı ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlanıb. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan rayonun sosial-iqtisadi və mədəni həyatını əks etdirən sərgiyə baxış keçirilib. Sonra isə Prezident İlham Əliyevin Xaçmaz şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon rəhbəri bildirib ki, Xaçmaz rayonunda 2018-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq. Nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək. 2018-ci ildə Xaçmazın sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq.
Şəmsəddin Xanbabayev bildirib ki, 2017-ci ildə rayonda ümumdaxili məhsulun həcmi 502 milyon manat, sənaye məhsulunun həcmi 48,8 milyon manat, kənd təsərrüfatı məhsulnun ümumi həcmi 227,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 99 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 445 milyon manat, təşkil etmişdir.
Hesabat dövründə şəhərin giriş hissəsində 1.5 km uzunluğunda istinad divarları tikilmiş, 2 böyük həcmli diametri 1.4 metr olan saatlar quraşdırılmış, Qarabağ əlillərinin yaşayış binasının qarşısında piyada körpüsü tikilmiş, istirahət parklarında cari təmir və yenidən qurma işləri aparılmış, yeni yaşıllıqlar, ağac və dekorativ güllər əkilmiş, yeni skamyalar qoyulmuşdur.
Şəhərin N.Nərimanov küçəsində, Heydər Əliyev Parkının yaxınlığında olan iki beşmərtəbəli binanın fasad hissəsinin milli arxitektura üslubunda üzlənməsi başa çatdırılmış, hazırda növbəti 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin üzlənməsi işi davam edir.
Hesabat dövründə Heydər Əliyev Mərkəzinin binasında genişləndirmə işləri aparılmış, Mərkəzin binasının sol hissəsində 400 m2 sahəsi olan əlavə korpus tikilib istifadəyə verilib, tədbirlərin keçirilməsi üçün daha geniş şərait yaradılmışdır.
Şəmsəddin Xanbabayev bildirib ki,11 beşmərtəbəli və 3 ikimərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, fasadları və daxili kanalizasiya xəttlərində təmir işləri aparılmışdır.
Rayon rəhbəri 2018-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, rayonumuz bundan sonra da dövlət Başçısının diqqəti nəticəsində inkişaf edəcəkdir.
Millət Vəkili Eldəniz Səlimov çıxış edərək, ölkəmizin ötən ildə əldə olunan uğurlarından yığıncaq iştirakçılarına bəhs edib.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev hesabat yığıncağında çıxış edərək 2017-ci il ərzində Xaçmaz rayonunda görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.Dəyanət Abdullayev ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Xaçmazda aparılan uğurlu işləri, rayon rəhbərliyinin təşkilatçılığı və xaçmazlıların öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirdi.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.