26 fevral 2018-ci il tarixdə Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonda yerləşən hərbi təyinatlı hissələrin şəxsi heyəti iştirak ediblər.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova çıxış edərək Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar respublikada, eləcə də Xaçmaz rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib.İlhamə Nəzərova bildirdi ki, Prezident İlham Əliyev də hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.
Daha sonra İlhamə Nəzərova çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğuladı. O qeyd etdi ki, artıq bir sıra ölkələrin parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.
Natiq öz çıxışında Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdi.O, vurğuladı ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş dəhşətli qətliamdır. İlhamə Nəzərova bildirdi ki,faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır. Bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi, regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.
Sonra tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş filmin nümayişi ilə davam etdirildi.