Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndidə dalğalanacaq! Bu fikirlər mayın 8-də Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilən görüşdə səsləndirilib.
Azərbaycan xalqı Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. Xalqımızın birliyi və mübarizliyi tarixi torpaqlarımızın tezliklə düşməndən azad olunacağına zəmin yaradır. Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndidə dalğalanacaq! Bu fikirlər mayın 8-də Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilən görüşdə səsləndirilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə 25 nəfər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub. Tədbir Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Medallar Qarabağ müharibəsi veteranlarına və şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.
Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. İlhamə Nəzərova bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Ordumuz Ali baş komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı hər an azad etmək əzmindədir
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev isə dövlətin bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Məlumat verilib ki, ötən dövrdə minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.
İctimai Birliyin idarə heyətinin üzvü Tərlan Hacızadə, Qarabağ müharibəsi veteranı Şövlət Dadaşzadə və başqaları Azərbaycan Ordusunun qüdrətindən, Vətənimizin keşiyində duran oğullarımızın mərdliyindən söz açıblar. Bildirilib ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir.
Vurğulanıb ki, Xaçmaz rayonu, ümumilikdə, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 240-a yaxın şəhid verib.
Tədbirdə bir qrup şəxsə "Vətən Naminə" və “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı təqdim edilib.