15 May – “Beynəlxalq Ailə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib
15 may 2026 | 10:30
BMT Baş Assambleyasının müvafiq qətnaməsinə uyğun olaraq, 1994-cü ildən etibarən hər il 15 May – “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd dövlət ailə siyasətinin təşviqi, milli-mənəvi dəyərlərin təbliği və ailə dəyərlərinin gələcək nəsillərə aşılanmasıdır.
15 May – “Beynəlxalq Ailə Günü” ilə əlaqədar Xaçmaz rayonunda da məktəblilərin, valideynlərin və şəhid ailələrinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə ailə dəyərlərinin qorunub saxlanılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, valideyn-uşaq münasibətlərinin düzgün qurulması, eləcə də erkən nikahın yaratdığı fəsadlar və digər mövzular ətrafında müzakirələr aparılıb.
Çıxış edənlər ailənin cəmiyyətdəki rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən, gənc nəslin təlim-tərbiyəsində ailə institutunun mühüm əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi ailə dəyərlərinin möhkəmləndirilməsi, sağlam cəmiyyətin formalaşması və gənclərin milli ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə həmçinin ümumtəhsil məktəblərində məktəb rəhbərliyinin və psixoloqların bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycanda ailə dəyərlərinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətindən məmnunluq ifadə olunub.






