Xaçmaz rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Xaçmaz rayon İcra Hakimiyyətinin və rayon səhiyyə şöbəsinin birgə təşkilatçılığı ilə tibb işçilərinin peşə bayramı qeyd olunub.Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, mərkəzi rayon xəstəxanasının baş həkimi və rayonun çoxsaylı səhiyyə kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan mərkəzi rayon xəstəxanasının baş həkimi Səyyaf Tağıyev səhiyyə sahəsinə dövlət tərəfindən görülmüş işlər haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova öz çıxışında səhiyyənin tarixinə nəzər salaraq qeyd edib ki, keçən əsrin əvvəllərində əsası qoyulan bu qurum indi böyük uğurlarla yadda qalmaqdadır. Azərbaycan Demokratik Respublikasının zamanında Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsi yaradılıb. Həmin fakültənin ilk buraxılışında məzunlardan cəmi 5-i azərbaycanlı idi. Sonralar isə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb, tibb müəssisələri, poliklinikalar tikilməyə başlayıb. Elə həmin dövrlərdə tanınmış tibb işçiləri, alimlər fəaliyyət göstərirdilər. Onlardan Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Kamal Balakişiyev, Emin Əfəndiyev və s. sovetlər birliyində çox tanınan və böyük hörmətə sahib olan tibb xadimləri idilər. Onların təhqiqatları o dövrün dərslik və monoqrafiyalarında öz əksini tapıb.
İlhamə Nəzərova Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd olunub ki, əksər böyük tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində tikilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar tikilib əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıdırdılar. Ölkəmizdə müxtəlif konfrans və simpoziumlar keçirilirdi. Ümummilli liderin beynəlxalq aləmdəki nüfuzu sayəsində ölkəmizə çoxlu zərdab və peyvəndlər gətirilir, müxtəlif kampaniyalar təşkil edilirdi.
Natiq qeyd edib ki, ulu öndərin başladığı kurs bu gün də çox uğurla davam edir. Dövlət Başçımız İlham Əliyevin səyi nəticəsində son illər ərzində 600-dən artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilib. Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir. Rayonda hal-hazırda müasir standartlara cavab verən mərkəzi rayon xəstəxanası və onun korpusları əhalinin sağlamlığının keşiyində dayanır.
Tədbirdə çıxış edənlər səhiyyənin uğurlarından danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd edib. Heydər Əliyev Fondunun prezidenti insanlara hər sahədə öz yardımını göstərib və məhz onun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi səmərəli fəaliyyət göstərir.
Dövlətimiz yeni nəslin sağlamlığı üçün də çox vacib və gərəkli addımlar atır. Son vaxtlar qəbul edilmiş dövlət proqramlarını buna misal göstərmək olar.
Daha sonra əmək fəaliyyətində fərqlənən səhiyyə işçilərinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.