Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələrin, qanlı toqquşmaların fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin, tolerantlıq siyasətinin daha da möhkəmləndirilməsi və bu mühitin qorunub saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Belə şəraitdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsi ən vacib amillərdəndir.
Bu barədə avqustun 28-də Xaçmazda Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda danışılıb.
Tədbirdə DQİDK-nın, Xaçmaz RİH-in, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, həmçinin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə geniş mühazirə ilə çıxış edib.
Konfransda çıxış edən Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Xaçmazda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görüldüyünü qeyd edib. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli vəzifə düşür. Şəmsəddin Xanbabayev Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün respublikamızda dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Regional konfransın ilk günü iştırakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Konfrans işini avqustun 29-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirilmişdir.