Xaçmaz şəhərində “Ana dili müəllimi” abidə kompleksi inşa edilib.
7 sentyabr 2018-ci il tarixində şəhər ərazisindəki Çənlibel istirahət parkında "Ana dili müəllimi" abidə kompleksinin açılışı həyata keçirilib.
Dörd metr hündürlüyündəki heykəlin arxasındakı simvolik kitabda ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram" və "Ana dili xalqın milli sərvətidir" kimi təhsillə bağlı söylədiyi məşhur sitatlar yer alıb.Abidənin ətrafında isə Azərbaycanın 38 görkəmli yazıçı və şairinin kitablarının qranitdən hazırlanmış təsvirləri yerləşdirilib.Yeni qurulmuş abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təmin olunub.
Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova bu abidənin əhəmiyyətindən və ana dilimizin qorunması sahəsində dövlət Başçısının həyata keçirdiyi məqsədyönlü siysətdən bəhs edib. Daha sonra çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev ulu öndərimiz Heydər Əliyevin dil sahəsində əsası qoyduğu böyük ənənələrdən bəhs edib. Şəmsəddin Xanbabayev bildirib ki, Heydər əliyev xalqına olan sonsuz məhəbbəti ana dilimizin yüksəklərə qaldırdı. Ulu öndər hər sahənin bilicisi idi, onun ana dilinə münasibəti hər kəs üçün örnəkdir. O danışanda dilin səlisliyi, ahəngdarlığı, ifadəliyi, obrazlığı, fikrin çoxşaxəliyi, üz mimikasından tutmuş, əl-qol jestlərinə qədər hər bir hərəkətin doğru-dürüstlüyü insanı heyran qoyurdu. Heydər Əliyevin həm də dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhs onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmişdir. Onun ana dilinə qayğısı sistemli xarakter daşıyırdı və o, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004-cü ildə latın əlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı və bu sahədə işlər davam etdirilməkdədir. Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışları hər bir şəxsə nümunədir.
Rayon rəhbəri bildirmişdir ki, son dövrlərdə imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dövlət başçısının ana dilimizə qayğısının təzahürüdür.
Açılış mərasimində çıxış edən millət vəkili Eldəniz Səlimov ölkədə təhsil sahəsində əldə olunan uğurlardan bəhs etmişdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin məsul əməkdaşı Aydın Əhmədov və rayonun qabaqcıl müəllimləri bu abidənin yeni dərs ili ərəfəsində rayonun bütün müəllimlərinə verilən böyük ehtiramın göstəricisi olduğunu qeyd ediblər.
Bildirilib ki, bütün müəllimlərin, müxtəlif peşə sahiblərinin ilk yolu ana dilindən keçir və bu hədiyyənin müqabilində keşməkeşli tarixi olan Azərbaycan dili fənnini tədris edən müəllimlər dilin şagirdlərə mükəmməl və incəliyinə qədər öyrətmələrinə xüsusi səylə çalışmalıdırlar.