Şriftin ölçüsü :

Saytın rəngi :

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd edilib

17 oktyabr 2026 | 10:28
Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar müstəqilliyimizin möhkəmləndirilməsi yolunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş filmə baxıblar.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı geniş məlumat verib. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının rəsmi tarixi 1991-ci il oktyabrın 18-dir. Həmin gün Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. 1990-cı illərin əvvəllərində müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin günlərdə dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Bu gün isə Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir, ölkəmizin müstəqilliyi və suverenliyi möhkəmlənir.
Digər çıxış edənlər də Müstəqilliyin Bərpası Günü münasibətilə nitq söyləyiblər. Qeyd edilib ki, bu əlamətdar gün Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş, 2021-ci il oktyabrın 15-də təsdiqlənmiş “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunur.
Sonda şagirdlər əlamətdar gün münasibətilə şeirlər səsləndirib, bədii kompozisiyalar nümayiş etdiriblər.
Keçidlər