18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub.
Xaçmaz rayonunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. İştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə təbriklərini səsləndirib. Ötən əsrin 90-cı illərində sovet imperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edən natiqlər yaranan qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter aldığını vurğulayıb.
Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir. Hazırda Azərbaycan qalib və qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər müstəqillik tariximizin ən şanlı səhifələrindəndir. Çıxış edənlər ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın vətəndaşı olmaqdan sonsuz fəxarət hissi keçirdiklərini bildiriblər.
Müxtəlif məruzələrlə çıxış edən ziyalılar Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində apardığı nəhəng, düşünülmüş, ardıcıl və sistemli quruculuq işlərindən geniş bəhs ediblər.
Sonda Müstəqilliyin Bərpası Günü ilə əlaqəsar videoçarx nümayiş etdirilib.