Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun Şıxlı kəndinə və Turist qəsəbəsinə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

17 sentyabr 2018 | 16:00

  Sentyabrın 17-də bu yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Şıxlı kəndində keçirilən mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz” İB-nin nümayəndələri,  ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

  Ümumilikdə, 153 abonenti olan iki yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 18 min 690 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

  Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
  Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev ölkə Prezidentinin qazlaşma sahəsində həyata keçirdiyi uğurlu siyasətdən bəhs edib. Şəmsəddin Xanbabayev bildirib ki, qazlaşma rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcəkdir. 

   Mərasimdə çıxış edənlər ölkə Başçısı tərəfindən  respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında söhbət açıblar. 

  Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə Başçısına minnətdarlıqlarını bildiriblər.

  Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

 

Keçidlər