Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda turizm müəssisələrində uçot, hesabatlılıq və audit məsələləri müzakirə olunub

26 oktyabr 2018 | 16:00

  Ekspertlərin qiymətləndirmələrinə görə, Azərbaycanın mövcud turizm infrastrukturu indikindən 3-5 dəfə çox turist qəbul etmək iqtidarındadır. Yəni, hazırda ölkəyə gələn turistlərin sayı mövcud potensialdan geri qalır. Çalışmaq lazımdır ki, turizm respublikamızda qeyri-neft sektoru sahələri arasında daha qabaqcıl mövqe qazansın və ölkəmizə daha çox xarici valyuta axınını təmin etsin. Bu barədə oktyabrın 26-da Azərbaycan Respublikasının Auditorlar Palatası, Xaçmaz rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində keçirilən “Turizm müəssisələrində şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi məsələləri” mövzusunda regional seminar-müşavirədə danışılıb.

  Tədbirdə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının yerli icra hakimiyyəti orqanlarının, müvafiq iqtisadi qurumların nümayəndələri və turizm müəssisələrinin rəhbərləri iştirak ediblər.

  Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini İlhamə Nəzərova  bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi önəm daşıyır.

  İlhamə Nəzərova qeyd edib ki, müasir dünyada turizmin hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir.  Bildirilib ki, Azərbaycanda da bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşılır. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib.

  Dövlət Turizm Agentliyinin nümayəndəsi Rüstəm Mehtizadə son dövrlər ölkəmizdə turizm sahəsində aparılan genişmiqyaslı işlərin əhəmiyyətini nəzərə alaraq, bu sahədə şəffaflığın artırılması üçün zəruri olan hesabatlılıq və uçota dair maarifləndirmənin, metodiki dəstəyin həyata keçirilməsinin vacibliyindən danışıb.

  Auditorlar Palatasının sədri, professor Vahid Novruzov seminarın əhəmiyyətindən söz açaraq bildirib ki, turizm sahəsi yüksək inkişaf tempinə görə son yüzilliyin iqtisadi fenomeni kimi dəyərləndirilir. Dünya iqtisadiyyatında turizm yalnız neftçıxarma ilə rəqabətdədir. Son illərdə dünya iqtisadiyyatında turizmdən gələn gəlir avtomobil sənayesinin gəlirlərini üstələməkdədir. Təsadüfi deyil ki, turizm dünyada ümumi gəlirin 10 faizə qədərini təmin edir. Bu sahə valyuta daxilolmalarının və xarici əlaqələrin genişləndirilməsinin mühüm mənbəyi kimi daha böyük əhəmiyyət kəsb etməkdədir. Bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən sahə kimi turizm dövlətin diqqət mərkəzindədir. 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002-ci ildə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, 2009-cu ildə isə “2009-2018-ci illərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyev 2011-ci ili ölkəmizdə “Turizm İli” elan edib.

  Vahid Novruzov qeyd edib ki, turizmin inkişafına yönəlmiş mühüm sənədlərdən biri də ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. “Prezidentin müdrik dövlət quruculuğu siyasətinin və cəmiyyətimizin inkişafına xidmət göstərən iqtisadi strategiyanın bəhrəsi kimi qiymətləndirilən əhalinin real gəlirlərinin artması, milli valyutamızın digər valyutalara nisbətən stabil vəziyyəti, paytaxtda və regionlarda yüksək səviyyəli otellərin və müalicə mərkəzlərinin istifadəyə verilməsi, yeni abad yolların çəkilişi, viza rejiminin sadələşdirilməsi imkan verir ki, ölkəmizin turizm sahəsində dünya üzrə rəqabətqabiliyyətlilik göstəricisi sürətlə artsın. 2017-ci ildə Azərbaycan Respublikası beynəlxalq reytinq cədvəlində ən çox irəliləyən (13 pillə) ölkə olub. Dünya Səyahətlər və Turizm Şurasının məlumatlarına görə, Azərbaycan 2010-2017-ci illərdə turizmin ən yüksək templə inkişaf etdiyi ölkələrin onluğuna daxildir”, - deyə Auditorlar Palatasının sədri bildirib.

  Vahid Novruzov diqqətə çatdırıb ki, hər bir sahədə olduğu kimi, turizmdə də dayanıqlı inkişaf, ictimai etimad, sifarişçilərin, müştərilərin sayı həmin sahədə və ya müəssisədə mövcud olan şəffaflığın səviyyəsi ilə birbaşa əlaqədardır. Bu isə öz növbəsində uçotun və hesabatlılığın vəziyyəti ilə müəyyən olunur.

  Auditorlar Palatasının sədri bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev xüsusi biznes mühitinin yaxşılaşdırılmasına dəstəyin vacibliyini bir daha vurğulayaraq deyib: “Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Korrupsiya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”.

  Seminar-müşavirədə vurğulanıb ki, dünya təcrübəsinə əsasən şəffaflıq yüksək olan ölkələrə, sahələrə, müəssisələrə və xidmət obyektlərinə daha çox maraq göstərilir. Bu isə həmin sahələrdə mövsümiliyin azalmasına, iqtisadi-maliyyə göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarır, bütövlükdə xidmətin yüksək rentabelli bir təsərrüfat subyektinə çevrilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.

  Regional müşavirədə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Turizm müəssisələrində uçot, hesabatlılıq və audit”, Dövlət Turizm Agentliyinin nümayəndəsi Rüstəm Mehtizadə “Azərbaycanda turizmin ümumi vəziyyəti”, regionda fəaliyyət göstərən turizm şirkətlərinin və digər maraqlı tərəflərin nümayəndələri isə “Regionda turizmin inkişaf perspektivləri” mövzusunda məruzə və çıxışlar ediblər.
  Sonda Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini İlhamə Nəzərova  bildirilib ki, regionda bu sahənin inkişafı üçün dövlət tərəfindən bütün məsələlər diqqətdə saxlanılır. 

  Növbəti regional tədbirlərin Qəbələ və Gəncə şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Keçidlər