“ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSİYA İŞTİRAKÇILARI XAÇMAZDA
Noyabr 21-də müxtəlif rayonların məktəblilərindən ibarət qrup “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Xaçmaz rayonuna ekskursiya ediblər. Müxtəlif rayonlardan olan 430-dan yuxarı şagird heyəti Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayıblar. Şagirdlərin qarşılanması Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini İlhamə Nəzərova, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov tərəfindən həyata keçirilib. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini İlhamə Nəzərova çıxış edərək ölkə gənclərinə dövlət Başçısı tərəfindən göstərilən qayğıdan bəhs edib.
Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə Ulu Öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Tur-aksiya iştirakçıları mərkəzdəki fotostendləri maraqla izləyib. Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində də olublar. Sonra tur-aksiya iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib.
Tur-aksiya iştirakçıları Xaçmazdakı Dövlət Rəsm Qalereyası, Xalça Muzeyi və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar. Xaçmazla tanışlıqdan sonra məktəblilər şimal regionuna ekskursiyalarını yekunlaşdıraraq doğma rayonlarına yola salınıblar.