Xaçmazda Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub
Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Evində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncama əsasən təşkil edilib. Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə görkəmli şairin yaradıcılığı və qısa həyat yolu haqqında məlumat verilib, yaradıcılığından bədii hissə təqdim edilib.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərovanın çıxışı Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə həsr olunub. İlhamə Nəzərova bildirib ki, 29 yaşında repressiya qurbanı olan görkəmli şair qısa zaman kəsiyində zəngin ədəbi irs yaradıb. Şairi cəmi 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edərək qətlə yetirənlər onu Azərbaycan xalqının yaddaşından və Azərbaycan ədəbiyyatından silə bilmədilər. İlhamə Nəzərova sonda dövlət Başçısı tərəfindən yaradıcı insanlara göstərilən dövlət qayğısından bəhs edib.
Daha sonra natiqlər Müşfiq poeziyasının bədii keyfiyyətləri haqqında məlumat verib, onun faciəli anlarla dolu həyatının müxtəlif məqamlarına diqqət çəkib. Tədbirdə qeyd edilib ki, qısa müddətdə ədəbi mühitdə böyük nüfuz qazanan Mikayıl Müşfiqin yaradıcılığına Azərbaycan ədəbiyyatının Hüseyn Cavid, Səməd Vurğun kimi görkəmli nümayəndələri tərəfindən yüksək qiymət verilib. Azərbaycan ədəbiyyatının hər bir görkəmli simasının yaddaşlarda formalaşmış özünəməxsus obrazı var. Füzuli filosofdursa, Nizami müdrikliyin rəmzidir. Müşfiq isə ülvilik və gözəlliklə yanaşı, həm də nakamlığın və faciəviliyin simvoludur. Çünki onun çox qısa olan ömrünün son 4-5 ili mənəvi terrorla keçib. Mənəvi terror fiziki terrorla nəticələnib. Müşfiq 1956-cı ildə bəraət alıb.
Tədbirin bədii hissəsində rayon qiraətçiləri müxtəlif poziya nümunələri səsləndirib və Mikayıl Müşfiqin sözlərinə yazılmış “Məhəbbət”, “Söylə”, “Dilbərim”, “Yaşa məhəbbətim” və “Sənə qurban” mahnılarını ifa ediblər.