Xaçmaz şəhər 2 saylı körpələr evi-uşaq bağçasında yeni il şənliyi keçirilib
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Xaçmaz şəhər 2 saylı körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova və müxtəlif uşaq müəssisələrinin nümayəndələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bağçada təşkil olunmuş bayram şənliyində iştirak edərək uşaqlara ən xoş təbriklərini çatdırıblar. Uşaqlar qonaqları böyük sevinc hissi ilə qarşılayıblar. Bayram şənliyində iştirak edən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova qarşıdan gələn yeni il münasibətilə bütün körpələri təbrik edib, onlara ən səmimi arzularını bildirib. İlhamə Nəzərova qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra söz uşaqlara verilib. Bir-biridən rəngarəng çıxışlar, səhnəciklər bayram şənliyinə əsl bayram əhval-ruhiyyəsi qatıb. Körpə fidanların dilindən söylənilən Vətənə, xalqa, anaya, məktəbə, bağçaya, şəhidlərə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Şaxta baba ilə Qar qızın şənliyə qatılması uşaqların böyük sevincinə səbəb olub. 2018-ci ili uğurla yola salan körpə fidanlar 2019-cu ili sevinclə qarşılayıblar.
Sonda uşaqlara bayram süfrəsi açılıb. Tədbirin sonunda xatirə şəkili çəkilib.