Xaçmaz rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, millət vəkili Eldəniz Səlimov, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının nümayəndələri, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və gənclər iştirak etmişlər.Tədbir 2018-ci ildə rayonun əldə etdiyi nailiyyətləri əks etdirən video görüntülərin təqdim olunması ilə başladı. Daha sonra tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev geniş nitq söyləyərək mərasim iştirakçılarını təbrik etdikdən sonra yola salınan ildə rayonda qazanılan uğurları sadalamış və 2019-ci ildə bölgə üçün nəzərdə tutulan perspektivlər haqqında danışmışdır. Çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı eyni zamanda tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixi haqqında məlumat vermişdir. Natiq bildirmişdir ki, rayonda əldə olunana inkişaf əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı inkişaf siyasətinin məntiqi nəticəsidir. Daha sonra tədbirdə çıxış edən millət vəkili Eldəniz Səlimov və Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev ölkədə həyata keçirilən milli həmrəylik ideologiyası olan azərbaycançılıq məfkurəsindən söhbət açıblar. Bu məfkurənin möhkəmlənməsində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün rolu haqqında bayram iştirakçılarına məlumat veriblər. Çıxışlardan sonra Xaçmaz rayon Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi bədii hissə ilə tədbir davam etdirilmişdir. Tədbirdə yerli incəsənət ustalarının ifaları, rəqs kollektivinin bir-birindən maraqlı musiqi nömrələri təqdim olunmuş, müxtəlif bədii nömrələr göstərilmişdir. Rəngarəng çıxışlar publika tərəfindən rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda atəşfəşanlıq olmuşdur.