Xaçmazın qazlaşdırılması sürətlə davam etdirilir.
Xaçmaz rayonunun Hacıəlibəy kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
473 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 21 min 736 metr olan metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Dekabrın 24-də kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Açılışda Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ölkə Prezidenti tərəfindən xaçmazlılara göstərilən qayğıdan bəhs edib. Rayon rəhbəri bildirib ki, bu qayğının nəticəsində rayonun bütün yaşayış məntəqələri sürətlə qazlaşdırılmaqdadır.
Mərasimdə çıxış edənlər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında məlumat veriblər.
Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
Rayon rəhbərliyi kənddəki evlərdə olub, abonentləri qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.