Xaçmazda "20 Yanvar" faciəsinin 29-cu ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən 20 Yanvar şəhidi Abdullayev Zahid Abdulla oğlunun və digər şəhidlərimizin xatirəsinə ucaldılmış Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. "20 Yanvar" və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkədə, onun tərkib hissəsi olan Xaçmaz rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Daimi olaraq onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.
29 il əvvəl Bakıda törədilən qətliam Xaçmazdan da də yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Xaçmaz 1 şəhid verib. Xaçmazın "20 Yanvar" şəhidi Abdullayev Zahid Abdulla oğludur. Hər il olduğu kimi, yanvarın 20-də xaçmazlılar Şəhidlər Xiyabanına axışaraq Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin əziz xatirəsini anıb. Xaçmazın "Şəhidlər Xiyabanı"nda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarından keçən 200-dən artıq şəhidin büstü vardır.
Xaçmazlılar izdiham şəklində "Şəhidlər Xiyabanı"na axın edərək Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiyini göstərib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid abidələri ziyarət olunub və önünə gül dəstələri qoyulub.
Daha sonra 20 yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra avtomobillər, yanğınsöndürən maşınlar, qatarlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.