Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak etmişdir

20 iyul 2013 | 15:00

Prezident İlham Əliyev Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılmış, 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Mərkəz inzibati binadan, biznes inkubatordan, sərgi, akt, konfrans və təlim zallarından, inzibati otaqlardan, yeməkxana və yardımçı tikililərdən ibarətdir. Mərkəzin qazanxana, nasosxana, transfarmator stansiyası, su anbarları, dizel generator binaları da vardır. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülmüşdür.
Bildirildi ki, foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulan mərkəzin sərgi zalında “Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin nəticələri” adlı sərgi yaradılmışdır. Sərgidə ulu öndər Heydər Əliyevin Quba-Xaçmaz iqtisadi rayonuna səfərlərini əks etdirən fotoguşə də vardır. Burada, həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən işlər və əsas sosial-iqtisadi göstəricilər geniş əks olunmuşdur.
Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaqdır. Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər də təşkil olunacaqdır. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulmuşdur.

Keçidlər