Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Xaçmazda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir

21 iyul 2013 | 15:00

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Yeni muzey Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilmişdir. İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurmuş və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Yeni binanın tikintisinə isə 2013-cü ilin əvvəlində başlanılmışdır. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilmişdir.
Binanın foyesində ulu öndər Heydər Əliyevin abidəsi qoyulmuşdur. Burada Ümummilli Liderin, eləcə də Prezident İlham Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Muzeyin birinci mərtəbəsində İstiqlal bölməsi yerləşir. Burada dövlətçilik tariximiz dövrlər üzrə əksini tapmışdır. Bu bölmədə İstiqlal tariximizlə bağlı maraqlı eksponatlar toplanmışdır. İkinci Dünya müharibəsinə aid eksponatlardan da zəngin tarixi məlumatlar əldə etmək mümkündür.
Bildirildi ki, İkinci Dünya müharibəsi illərində Xaçmaz rayonundan 8 min 739 nəfər döyüşlərdə iştirak etmişdir. Onlardan 2 min 800-ü həlak olmuş, Moskvanın müdafiəsi döyüşlərində 124 xaçmazlı dünyasını dəyişmişdir. Muzeydə döyüş iştirakçılarına aid döş nişanları, orden və medallar nümayiş olunur. Bu bölmədə, həmçinin 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da vardır.
Diqqətə çatdırıldı ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Xaçmaz rayonundan 226 nəfər şəhid olmuşdur.
Onlardan biri Milli Qəhrəman adına layiq görülmüşdür.
Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pul nümunələrindən ibarət numizmatika guşəsi də muzeyə gələnlərdə maraq doğurur.
Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi də fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilmişdir.
Vurğulandı ki, Xaçmaz rayonunun ərazisində 28 qədim kurqan aşkarlanmışdır. Ehtimal olunur ki, qədim türklərə aid olan kurqanların 4 min il yaşı vardır.
Muzeydə Xaçmazdakı 28 min hektar meşə sahəsi ilə bağlı guşə də yaradılmışdır. Bu bölmədəki dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir.
Qeyd edildi ki, rayonun Ləcət kəndi ərazisində aparılan qazıntılar zamanı e.ə. I minilliyə aid saxsı küp aşkarlanmışdır. O vaxtlar bu küpdə ərzaq saxlanıldığı ehtimal olunur. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir.
Muzeydə ideoloji tədris bölməsi də yaradılmışdır. Burada Azərbaycan tarixinə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyimizə həsr edilmiş filmlər nümayiş olunacaqdır. Muzeydə eksponatların bərpası və qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları da vardır. Gələcəkdə muzeyin birinci mərtəbəsində rəsm qalereyası da yaradılacaqdır.
Tarix-Diyarşünaslıq Muzeyində ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da vardır.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Keçidlər