Xaçmazda “Qələbəyə gedən yol” adlı ədəbi-bədii kompazisiya keçirilib
Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində Xaçmaz rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii kompazisiya keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının nümayəndələri, rayon ictimaiyyəti, ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri, eləcə də rayonumuzun qonaqları, aprel döyüşlərinin iştirakçıları olmuş, ehtiyatda olan zabitlər Loğman Məmmədov, Ceyhun Alıcanov, aprel şəhidləri Qayibov Elvin Sədrəddin oğlunun, Mirzəyev Elvin Azadxan oğlunun ailə üzvləri və yaxınları iştirak edib.
İlk öncə Azərbaycanın müstəqilliyi, ərazı bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himni səsləndirilikdən sonra Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya təqdim ediblər. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər göstəriblər. Şagirdlərin hərbi formada geyimləri, bir-birindən rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanılıb.Tədbirdə həmçinin şəhidlərin həyat yolunu əks etdirən video-çarx nümayiş olunub.
Daha sonra söz aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan zabit Loğman Məmmədova verilib. Qazi çıxışında ordumuzun göstərdiyi qəhrəmanlığından qazandığı şanlı qələbədən söz açıb. Bildirib ki, aprel döyüşləri, aprel qələbəsi Azərbaycanın şanlı tarixinin qızıl hərflərlə yazılmış ən parlaq səhifəsidir. Qazanılan qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı ordumuzun böyük gücə malik olduğunu bir daha sübut etdi.
Tədbirin sonunda söz Xaçmaz rayon İcra Hakimiyyəti başçısının I müavini İlhamə xanım Nəzərovaya verilib. İlhamə Nəzərova çıxışında Milli Ordumuzun aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələrin endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən, qazandığı qələbədən söz açıb, hər iki şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğurunda vuruşaraq şəhidlik zirvəsinə ucalan Elvin Qayıbovun, Elvin Mirzəyevin əziz xatirəsi xaçmazlıların qəlbində əbədi yaşayacağını bildirib.
Qeyd edək ki, hər iki şəhidimiz ölümündən sonra göstərdikləri qəhrəmanlığa görə möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunublar.
Sonda tədbir iştirakçıları ilə brlikdə xatirə şəkli çəkdirilib.