Xaçmaz rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.
İlk öncə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın Zərifə xanım Əliyevanın adını daşıyan 8 saylı məktəb-liseyə gələrək, görkəmli oftolmoloq-alimin abidəsini ziayrət edib və abidə önünə tər çiçəklər düzərək , görkəmli alimin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Daha sonra tədbir unudulmaz ziyalının adını daşıyan məktəbdə davam etdirildi. Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. İlhamə Nəzərova çıxış edərək bildirmişdir ki, Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azerbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fealiyyəti çox zəngin və əhateli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çox profilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ile bağlı məsələlərə, habelə traxomanın ve onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrenilməsinə həsr edib. Akademik Zərifə Əliyeva adına məktəb liseyin yetirmələri, məktəbin müəllim heyəti və digər çıxışçılar Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər çıxışında bildirdilər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.
Daha sonra tədbir məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Sonda qonaqlar Zərifə Əliyeva adını daşıyan muzey ilə tanış oldular.