Xaçmazda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin abidəsinin və “Saatlar qülləsi”nin açılışı olub
Mayın 10-da Xaçmaz şəhərindəki “Çənlibel” parkında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsinin və yeni inşa olunan 35 metr hündürlükdəki “Saatlar qülləsi”nin açılışı olub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə təsadüf edən açılış mərasimində Xaçmaz sakinlərinə konsert proqramı təqdim edilib.Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsədddin Xanbabayev çıxış etmişdir. Çıxışında Şəmsəddin Xanbabayev son zamanlar ölkədə gedən inkişafdan bəhs edib. Rayon başçısı bildirdi ki, şəhərin girişində yerləşən səkkizmərtəbəli qüllə “Çənlibel” parkına əlavə gözəllik verir. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək.
Qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələr isə şəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin başında isə hər tərəfdən görünən 4 saat quraşdırılıb.
“Saatlar qülləsi”nin qarşısında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli qoyulub. Abidə Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar ucaldılıb.
“Çənlibel” parkı Xaçmaz şəhərinin giriş hissəsində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı, çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyekti də fəaliyyət göstərir.
Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırırlar. Ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.
Sonda atəşfəşanlıq sakinlər tərəfindən böyük sevinclə qarşılanmışdır.