Xaçmaz rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.
Tədbir Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri, Xaçmaz rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin , incəsənət və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
İlk öncə tədbiri balaca fidanlar açaraq, onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir balaca fidanların ifasında Dövlət Himninin səslənməsi ilə start götürüb.
Sonra çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. İlhamə Nəzərova çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. İlhamə Nəzərova dövlət Başçımızın uşaqların sağlam şəkildə böyüməsi üçün həyata keçirilən Dövlət Proqramları haqqında məlumat verib.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış və nağıl əsasında qurulmuş tədbir ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.