Xaçmazda 15 İyun-Milli Qurtuluş Günü təntənə ilə qeyd edildi.
Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan 15 iyun - Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.
Xaçmazlıların möhtəşəmliyi ilə qürur duyduqları Heydər Əliyev Mərkəzinin qarşısında bu əlamətdar bayram münasibətilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin mərkəzin qarşısındakı əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla xatirəsinə sonsuz ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlərə, fotoşəkillərə, maraqlı ekspozisiyalara baxıblar.
Təntənəli mərasimdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olub. Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" - fikirləri ilə həmişə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan edib.
1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Heydər Əliyevin Bakıya gəlməsi xəbəri böyük ruh yüksəkliyi ilə qarşılandı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyən Heydər Əliyev yaranmış vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə gəldi, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. Heydər Əliyevin bu müdrik addımı xalqda böyük ruh yüksəkliyi yaratdı. Dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı. Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin məhvi və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi.
Şəmsəddin Xanbabayev vurğulayıb ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 iyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu! Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.
Bu gün Azərbaycan müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun söz sahibi olan ölkəsi kimi nüfuzunu yüksəldir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.
Daha sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi.
Sonda şəhər sakinlərinə möhtəşəm atəşfəşanlıq təqdim edildi.