“Son zəng” tədbirləri Xaçmaz rayon məktəblərində xüsusi təntənə ilə keçirilib.
“Son zəng” tədbirləri ənənəvi olaraq Xaçmaz rayonundakı 89 məktəbdə təntənəli qeyd olunub. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb, bilik bayramının yüksək səviyyədə təşkili, məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün bütün işlər görülüb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları “son zəng” tədbirlərinin keçirildiyi məktəblərdə iştirak ediblər.
Xaçmazın 89 ümumtəhsil ocağında 1458 şagird üçün son zəng çalınıb. Bu il Xaçmazda ümumtəhsil məktəblərinin birinci sinfini 3023, məktəbəqədər hazırlıq qruplarını 2024, 9-cu siniflərini isə 2177 nəfər şagird bitirir.
Buraxılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova Prezident İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışıb. İlhamə Nəzərova vurğulayıb ki, məzunlar ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qaygıdan bəhrələnməlidirlər.
İlhamə Nəzərova müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə uğurlar diləyib.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib