Xaçmaz rayonu ”Bölgələrdən-bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbirində iştirak etdi.
İyunun 18-də paytaxtın Xəzər rayonunun Mərdəkan Mədəniyyət sarayında “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavinləri, bir sıra rayonların icra hakimiyyətinin rəhbərləri, regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak edirdilər.
Qonaqlar əvvəlcə Mədəniyyət sarayının həyətində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldular. Sərgi regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirirdi.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əhəmiyyətini yüksək qiymətləndirdi.
Qeyd olundu ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu siyasət hazırda ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Regionların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində bu gün mədəniyyətimiz və mədəni irs nümunələrimiz beynəlxalq aləmdə tanıdılır, təbliğ edilir:
Diqqətə çatdırıldı ki, regionlararası mübadilədə mühüm əhəmiyyət kəsb edən festival Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub. Yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi və sənətkarlıq irsi ilə bir festival meydançasında tanış olmaq imkanı yaradıb.
Nazir festivalın təşkilində dəstəyinə görə Balakən, Xaçmaz, Ağcabədi, Tərtər və Lerik rayonlarının icra hakimiyyətlərinin başçılarına mükafatlar təqdim etdi. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova rayona təqdim edilmiş fəxri fərmana görə təşəkkür bildirmişdir. Gəncə, Sumqayıt, Kürdəmir, Ağcabədi, Biləsuvar, Ağdaş regional mədəniyyət idarələrinin rəislərinə və informasiya dəstəyinə görə AZƏRTAC və Azərbaycan Televiziyasına nazirliyin fəxri fərmanları verildi.
Əbülfəs Qarayev bir daha festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra regional mədəniyyət idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə bu il ikincisi gerçəkləşən festival proqramında ümumilikdə 65 şəhər və rayon iştirak edib. Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış edib, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olunub.