27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb
25 sentyabr 2026 | 09:36
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ümumilikdə, tədbirə 550 rayon sakini qatılıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində çaldığı möhtəşəm Zəfərdən danışıblar. Qeyd edilib ki, işğaldan azad olunmuş tarixi torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində görülən genişmiqyaslı tikinti işləri ölkəmizin ümumi inkişafına və regionun rifahına böyük töhfə verəcək.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






