Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

18 avqust 2019 | 16:00

  Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100-cü ildönümü tamam olur.

  Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur.

  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

  Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.

  2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

  Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

  Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

  Qeyd olunmuş əlamətdar gün Xaçmaz rayonunda da geniş qeyd edilib. Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsində qurumun  yaradılmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev çıxış edərək  Azərbaycanın şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında tədbir iştirakçılarına məlumat verib. Xudat Sərhəd Dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən mükəmməl hərbi hissələrindən biri olmasınl xüsusi  olaraq qeyd edib. 1992-1993-cü illərdə müstəqilliyimizin əleyhinə olan qüvvələrin ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının qətiyyətlə alınması zamanı Xudat Sərhəd Dəstəsinin hərbi qulluqçularının Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirmələri, bu işdə yerli sakinlərin sərhədçilərə yaxından kömək göstərmələri böyük iftixar və minnətdarlıq hissi ilə xatırlanıb.Şəmsəddin Xanbabayev bildirib ki, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xudat Sərhəd Dəstəsinə dörd dəfə səfər edib. Bu, sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı, Ali Baş Komandanla görüşmək şərəfi şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmi yaradıb.

  Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

  Rayon rəhbərliyi qonaqlarla birlikdə hərbi hissədə  sərhədçilərlə birgə nahar edib.Eyni zamanda hərbi hissəyə Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib. 

 

Keçidlər