28 May - Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib.
27 may 2024 | 15:51
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra 28 May – Müstəqillik Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd olunması və 1918-1920-ci illərdə qazanılmış uğurların dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövləti sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib. Ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, balanslaşdırılmış xarici siyasət və ordu quruculuğu nəticəsində şanlı Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə imza atıb, uzun müddət işğal altında olan torpaqlarımızı azad edib. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib.
Çıxış edənlər 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini Şərqdə ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi adlandırıblar.
Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.