Mayın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının geniş tərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 91 illiyi münasibətilə keçirilən tədbirlərində iştirak etmək üçün Xaçmaza gəlib.
Mayın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının geniş tərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 91 illiyi münasibətilə keçirilən tədbirlərində iştirak etmək üçün Xaçmaza gəlib. Nümayəndə heyətinin tərkibində qonşu respublikanın milli siyasət üzrə naziri Aleksey Həsənov, Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanov, Xalq Məclisinin komitə sədrləri, deputatları və digər rəsmi şəxslər olub.
Əvvəlcə qardaş respublikanın nümayəndələri Xaçmazın giriş qapısında duz-çörəklə qarşılanıb, onlara şərbət təqdim olunub.
Bundan sonra qonaqlar böyük sərkərdə Cavanşirin Heydər Əliyev prospektinin girişində ucaldılan abidəsinin açılışında iştirak edib.
Daha sonra qonaqlar rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə ulu öndərin Xaçmaz şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Ardından qonşu respublikanın nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərə baxıb.
Səfər çərçivəsində həyatının bir hissəsi Dağıstanla bağlı olan ictimai-siyasi xadim Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Qonaqlar muzeydə görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və rəsmi sənədlərlə tanış olub.
Bundan sonra qardaş respublikanın nümayəndələri “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinə baxış keçirib.
Xaçmazda yeni yaradılan rəsm qalereyasının açılışı da qonaqların iştirakı ilə keçirilib. Qalereyanın açılışdan sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə təntənəli mərasim baş tutub.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Dağıstan respublikanın milli siyasət üzrə naziri Aleksey Həsənov, Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanov çıxış edərək iki dost xalq arasındakı isti münasibətlərdən söz açıblar.
Qeyd olunub ki, iki qardaş xalq arasında qarşılıqlı dostluq münasibətlərinin kökü qədim zamanlara gedib çıxır. Görkəmli ictimai-siyasi xadim Əziz Əliyev Dağıstanda rəhbər vəzifədə çalışdığı dövrdə bu əlaqələr daha da dərinləşmiş, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində müasir mərhələdə əməkdaşlıq geniş vüsət alıb.
Mərasimdə çıxış edənlər həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılmasında ətraflı bəhs ediblər.
Daha sonra qonaqlar Dağıstanın görkəmli ictimai-siyasi xadimi Səid Qurbanovun adını daşıyan küçədə onun barelyefi qarşısında xatirəsini anıb, Azərbaycan-Dağıstan əlaqələrini əks etdirən “Xalqlar dostluğu” muzeyində olub.
Bundan sonra nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini ehtiramla anıb. Təhsil ocağında yaradılan Zərifə Əliyeva Muzeyinə baxış keçirilib.
Qardaş respublikanın nümayəndələrinin iştirakı ilə həmçinin yeni tikilmiş 2 nömrəli uşaq bağçası-körpələr evinin açılışı olub.
Sonda qonaqların şərəfinə ziyafət verilib.