Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 10-da Xaçmaz rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak etmək üçün yola düşdü.

10 avqust 2014 | 15:00

Avqustun 10-da Xaçmaz  rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak etmək üçün yola düşdü.
Məktəblilər səhər saatlarında Heydər Əliyev Parkdan  təmtəraqla  yola salınıb.
Ekskursiyaya yola düşən qrupun rəhbəri, eyni zamanda Xaçmaz Rayon Təhsil şöbəsinin nümayəndəsi Azad Bədəlov şagirdlərin əhval-ruhiyyəsinin olduqca yüksək olduğunu qeyd edib. “Bu gün dövlət başçımızın tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində IX-XI siniflərində təhsil alan 40 şagirdlə Azərbaycanın dilbər guşələri olan qərb bölgəsinə yola düşürük. 4 gün ərzində Gəncə, Göygöl, Şəmkirlə yanaşı Yevlax şəhəri və Hacıqabul rayonunda da olacayıq. Şagirdlərimiz olduğumuz məkanların qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərini və digər görməli yerlərini ziyarət edəcəklər. Məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıb. Bütün xərclər dövlət tərəfindən qarşılanır. Olacağımız yerlərdə şagirdlərin istirahətinin təmin edilməsi məqsədi ilə hər bir şərait yaradılıb. Belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarıq.”
Xaçmaz rayonu Çarxı kənd tam orta məktəbinin IX sinif şagirdi Cəmilə Novruzova 40 nəfərlik heyətdə yer aldığına görə çox sevindiyini bildirib: “Biz Cavad xanın timsalında azərbaycanlıların öz Vətənini necə dərin məhəbbətlə sevdiyini öyrənmişik. Qədim Gəncədə, Cavad xanın yurdunda olacağım üçün fəxr edirəm”.
Xaçmaz şəhər 6 nömrəli orta məktəbin X sinif şagirdi Anar Nuriyev isə gedəcəkləri məkanların özünəməxsus gözəlliyinin olduğunu qeyd edib: “İlk dəfədir ki, yaşadığım rayondan kənara çıxıram. Nəinki ekskursiya edəcəyimiz şəhər və rayonlar, hətta yolboyu görəcəyimiz məkanlar da mənim üçün maraq doğurur. Təşkilatçılara təşəkkür edirəm”.
Tur-aksiya iştirakçısı, Xaçmaz şəhər 2 nömrəli orta məktəbin X sinif şagirdi Röya Xudaverdiyeva səfər öncəsi həyəcanlı görünür: “Gəncə, Göygöl, Şəmkir, hamısı mənə doğmadır, əzizdir. Xüsusilə dahi Nizami yurdu Gəncəyə səfərimizi səbirsizliklə gözləyirəm”.
Xaçmazlı şagirdlər Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə ekskursiya edərək bu bölgənin qədim tarixi, mədəniyyət abidələri müasir park və xiyabanları, turizm obyektləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Keçidlər