Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda 20 Yanvar - Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

20 yanvar 2020 | 16:00

   Qanlı Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

   Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

   Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

   Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Müqavilələrin  bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.

   Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Məhz, o tarixdən etibarən 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

   Xaçmazda hər il  olduğu kimi  20.01.2020-ci il tarixində də rayon sakinləri  20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi. Şəhidlər Xiyabanında böyük izdiham müşahidə edildi. Rayon sakinləri Xiyabana gələrək Vətən uğrunda canlarından keçən bütün həmvətənlərimizi böyük sevgi ilə yad etdilər.  Xaçmaz  Rayon  İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 yanvar faciəsinin qurbanı olan Abdullayev Zahid Abdulla oğlunun və digər şəhidlərimizin xatirəsinə  ucaldılmış   Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyaraq, xatirələri dərin  ehtiramla yad olundu. Şəhidlər Xiyabanında hər bir şəhidin xatirə lövhəsi önünə gül-dəstələri qoyulub və əziz xatirələri anılıb. Rayon rəhbəri Elnur Rzayev  şəhid ailələri ilə görüşərək, onların problemləri ilə maraqlanıb.

   Daha sonra  20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər və qatarlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilərək, sayğı duruşu həyata keçirilib.

Keçidlər