Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 15-də Xaçmaz rayonunda beş yeni məktəb binası istifadəyə verilib.

15 sentyabr 2014 | 15:00

“Bilik Günü” rayonun Qıraqlı kəndində əsl bayram ab-havası yaşanıb. Yaşayış məntəqəsində tikilən yeni məktəbin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimə rayon rəhbərliyi, Milli Məclisin deputatı İlham Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri qatılıblar.
Tədbirin əvvəlində bu kənddən Vətən uğrunda şəhid olan döyüşçülərin şərəfinə ucaldılan abidənin açılışı olub. Məktəbin qarşısında yaradılan şəhidlər kompleksində bu kəndin 4 şəhid övladının xatirəsi əbədiləşdirilib.
Yeni inşa olunan ikimərtəbəli, 180 şagird yerlik məktəbin açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, son illərdə Azərbaycanda 2700-dək yeni məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin sürətlə inkişafının əsas göstəricisidir.
Diqqətə çatdırılıb ki, respublikamızda geniş vüsət alan məktəb tikintisi Xaçmaz rayonundan da yan keçməyib. Təkcə bu il rayonun 5 kəndində yeni məktəb binaları tikilib. “Bilik Günü”ndə Qıraqlı ümumi orta məktəbi ilə yanaşı, rayonun Arzu, Qaradağ-buduq, Hacılar və Qaraçı kəndlərində də yeni təhsil ocaqları da istifadəyə verilib. Ümumilikdə isə son illərdə Xaçmaz rayonunda 37 yeni təhsil ocağı inşa olunub.
Mərasimdə çıxış edən müəllimlər, valideynlər eləcə də Qıraqlı kəndinin sakinləri yeni məktəb binasının inşasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra məktəbin rəsmi açılışını bildirən lent kəsilib və tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə tanış olublar.
Yeni məktəbdə bütün fənn kabinetləri ilə yanaşı, kitabxana, kimya və fizika laboratoriyaları, akt və idman zalları var. Təhsil ocağı bütün lazımi inventar və avadanlıqlarla təmin olunub.
Açılış mərasiminin sonunda tanınmış musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.

Keçidlər