FHN-dən taxıl yığımı zamanı yanğın təhlükəsizliyi tədbirləri
Ölkə başçısı tərəfindən qəbul edilmiş ardıcıl və məqsədyönlü inkişaf proqramlarının həyata keçirilməsi ilə respublikamızın iqtisadiyyatının dinamik inkişafında ilbəil müsbət nəticələrin əldə edilməsi, milli müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsində bariz göstəricilərdəndir. Bu inkişafın tərkib hissəsi və prioritetlərindən olan kənd təsərrüfatının genişləndirilməsi, bölgələrdə istehsal və emal müəssisələrinin yaradılması, müasir tələblərə uyğun yeni yolların inşa edilməsi, texnika-parkların yetərli sayda və keyfiyyətdə komplektləşdirilməsi, fermer təsərrüfatlarının, habelə fərdi təsərrüfat sahibkarlığının inkişafına dəstək məqsədilə subsidiyaların ayrılması və s. kimi bir çox tədbirlər həyata keçirilmişdir. Kənd təsərrüfatının ən strateji əmək sahələrindən olan taxılçılığın inkişafı vətənimizin ərzaq təhlükəsizliyinin, habelə taxıl ehtiyatının etibarlı təmin olunmasına xidmət edən sosial-iqtisadi tədbirlərdəndir.
Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı tərəfindən mühüm qərarlar qəbul edilmişdir.Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daim diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, taxıl zəmilərinin yanğından etibarlı qorunması, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinin qorunmasıdır;
Kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmaqla, həm də ümumxalq qayğısıdır.
Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.
Taxıl və dənli bitkilərin yetişməsi və yığımı mövsümündə aşağıdakı yanğın təhlükəsizliyi tələblərinə əməl edilməlidir:
-işə başlamazdan əvvəl yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, biçin və məhsul yığımı prosesinə cəlb edilmiş bütün texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğunluğu hər bir təsərrüfatda təşkil olunmuş xüsusi komissiya tərəfindən Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının əməkdaşlarının iştrakı ilə birgə müayinə edilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır:
-dənli bitkilərin, taxıl və ot məhsullarının yığımına başlamazdan əvvəl mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitəsi ilə tam təmin etməlidirlər;
-taxıl və dənli bitkilərin yığımında iştrak edənlər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmadan və bu barədə müvafiq qaydada imza etdirilmədən sahələrə buraxılmamalıdırlar;
-meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır;
-taxıl yetişən zamanı cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır;
-taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir;
-taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr məsafədə yerləşdirilməlidir;
-xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır;
-tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində «Siqaret çəkmək yeri» yazılmış lövhə asılmalıdır;
-xüsusi ayrılmış yerlərdən başqa digər yerlərdə siqaret çəkilməsini qadağan etmək məqsədilə zəminin perimetri boyunca, uyğun yerlərdə “Siqaret çəkilməsi qəti qadağandır” yazılmış lövhələr asılmalıdır;
-biçin işi aparılan zaman sahələr taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların böyük sahələrə yayılmasının qarşısını almaq məqsədilə kotanlı traktorlarla təmin edilməlidir;
-yanğın baş verdiyi halda, onun yayılmasının qarşısının alınması məqsədilə, yanan sahənin ətrafı küləyin istiqaməti nəzərə alaraq şumlanmaqla ara məsafəsi yaratmaq lazımdır;
-məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qığılcım söndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır;
-əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şumlama traktorları mütləq qaydada qığılcımsöndürənlərlə təmin edilməlidir;
-mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir;
-mühərriki akkumlyatorla işə salınan kombayn, traktor və özüyeriyən kənd təsərrüfatı texnikalarının akkumlyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmas borularla mühafizə olunmalıdır;
-taxıl və ot yığımı zamanı kombaynın kənar şəxslər tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanılması qəti qadağandır.
-yığım texnikasının təmiri və sazlama işləri tarladan ən azı 30 metr məsafədə aparılmalıdır;
-biçilmiş ot və taxıl dərhal həmin sahədən kənara daşınmalıdır;
-ot tayaları bir-birindən 20 metr məsafə ilə taxıl zəmilərindən ən azı 30 metr aralıda toplanmalıdır;
-taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanması, hər hansı məqsədlə və heç bir halda açıq oddan istifadə edilməsi qəti qadağandır;
-tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi zəmilərdən və biçilmiş sahələrdən ən azı 100 metr məsafədə müvəqqəti yaradılmış məntəqədə həyata keçirilməlidir;
-texnikalara yanacağın doldurulması mütləq şəkildə mühərriklərin işi dayandırıldıqdan sonra, yalnız yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir;
-gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır;
-yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalıdır;
-kombaynların və digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir;
-nasazlığı olan və ya fasilə məqsədilə işçi vəziyyətdə olmayan kombayın və digər texnikalar sahədən kənarlaşdırılmalıdır;
-yanğın zamanı mümkün söndürücü vasitələrdəın istifadə etməklə alovu söndürməyə çalışmalı, eyni zamanda “112” və ya “101” qaynar xətlərinə zəng etməklə xəbər verilməlidir;
-sahələrdə yaradılmış tarla düşərgələri telefon rabitə vasitələri ilə təmin edilməlidir;
-biçilmiş sahələrin küləşdən və ot qalıqlarından təmizlənməsi məqsədilə sahənin yandırılması yolverilməzdir.
Bundan əlavə, taxıl zəmilərinin yaşıl rəngdən qızılı rəngə çevrilməsi-taxılın yetişməsi dövründən məhsul yığımının sonuna qədər olan müddətdə tarlaların ətrafında “Taxıl çörək deməkdir”, “Bərəkətimizi oddan qoruyaq”, “Zəhmətimizin qədrini bilək”, “Məhsulun oddan qorunması ümumxalq işidir” və s. məzmunlu təbliğat xarakterli lövhələrin asılması tövsiyə olunur.
Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hər kəsin Vətən qarşısında müqəddəs və şərəfli əmək borcudur. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir. Böyük el sərvəti olan bu müqəddəs məhsul böyük zəhmət hesabına yetişdirilir.
FHN Dövlət Yanğın Nəzarəti Xidməti