Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edib

12 may 2020 | 16:00

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı  aktual  mövzuya  çevrilib və ölkə Prezidentinin diqqət və qayğısı sayəsində bu sahədə mühüm irəliləyişlər əldə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Bu müəssisədə birdəfəlik istifadə üçün müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı maskalar istehsal olunacaq.  İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur.  Mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda fabrikdə 30 nəfər çalışır, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə onların sayı 50 nəfərə çatacaq.

Eyni zamanda   “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətində birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub.    Yerli  tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

Keçidlər