Noyabrın 27-də Xaçmazda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” mövzusunda regional konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şimal bölgəsində fəaliyyət göstərən KİV-lərin təmsilçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli regional konfransın məqsədinin informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirməni həyata keçirməkdən, informasiya almaq hüququnun səmərəliliyini təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğunu vurğulayan V.Səfərli KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlətimiz tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini bildirən V.Səfərli Bakı şəhərində jurnalistlər üçün 17 mərtəbəli yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, daha bir binanın isə tikilməkdə olduğunu söyləyib.
Konfransda KİVDF-nin Müşahidə Şurasının sədr müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov mövzu ətrafında məruzələrlə çıxış ediblər. Çıxışlarında “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrası istiqamətində dövlət qurumları, bələdiyyələr və jurnalistlər qarşısında duran vəzifələrdən danışılıb.
Tədbirdə çıxış edən regional KİV-lərin təmsilçiləri mövzu ilə bağlı təkliflərini səsləndirib, onları narahat edən məsələlər barədə ekspertlərə suallar ünvanlayıblar.
Konfrans iştirakçılarına fondun maliyyə dəstəyi ilə çap edilən “İnformasiya əldə etmək haqqında” qanunvericilik kitabçası paylanılıb.